Növbəti mövsümdən etibarən "Mançester Yunayted"in azarkeşləri "Old Trafford" stadionunda matçlara ayaq üstə baxa biləcəklər.
Bu barədə klubun rəsmi saytında məlumat verilib. Belə ki, əzəmətli "Old Trafford" arenasının tribunalarında 1500 fanat üçün xüsusi bölmə ayrılacaq. Bununla bağlı müvafiq razılıq əldə edilib. Bu təşəbbüs özünü doğruldub uğurlu alınsa, təhlükəsizlik tədbirləri gücləndirilməklə həmin sahə bir qədər də genişləndiriləcək.
Xatırladaq ki, 1989-cu ildə "Liverpul" və "Notingem Forest" klubları arasında Şeffild şəhərinin "Hillsboro" stadionunda İngiltərə kubokunun yarımfinalında tribunanın ayaqüstü sektorunun çökməsi nəticəsində 96 nəfər həlak olmuşdu. Bu faciəyə görə 1994- cü ildən İngiltərədə azarkeşlərin oyunlara ayaq üstə baxması qadağan edilmişdi.